Copy
#14 - Aprel - 2019 - Newsletter                                                                                     View in a browser

Dövlət Turizm Agentliyinin
İnformasiya Bülleteni

Vergi qanunvericiliyindəki son dəyişikliklərin turizm sahəsində tətbiqi ilə bağlı tədbir keçirilib

27 martda Dövlət Turizm Agentliyinin və Vergilər Nazirliyinin təşkilatçılığı ilə turizm sənayesi iştirakçıları üçün vergi qanunvericiliyində edilmiş dəyişikliklərlə bağlı “Vergi Məcəlləsinə 2019-cu ildə edilən əlavə və dəyişikliklər: yeni qaydaları (e-qaimə) turizm sənayesində necə tətbiq etməli?” mövzusunda məlumatlandırıcı xarakterli tədbir keçirilib. Tədbirdə e-qaimənin turizm sektorunda tətbiqi ilə bağlı mövzuya xüsusi diqqət ayrılıb.

Vergilər Məcəlləsi ilə bağlı yeni qaydalar izah edilməklə Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktor müavini Nicat İmanov hotellərin, səyahət agentliklərinin və tur operatorların vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı suallarını cavablandırıb, rəy və təkliflər dinlənilib.

Daha ətraflı

Dövlət Turizm Agentliyinin sədri rusiyalı turistləri Azərbaycana dəvət edib

Azərbaycana turistləri cəlb etmək üçün tək Rusiyanın mərkəzində deyil, həmçinin regionlarında da aktiv işin aparılması vacibdir.

Bu barədə Sverdlovsk vilayətinin İnvestisiya və İnkişaf Nazirliyinin təşkilatçılığı ilə 25-26 aprel tarixlərində Yekaterinburq şəhərində keçirilən “Bolşoy Ural-2019” VII beynəlxalq turizm forumu çərçivəsində təşkil olunan mətbuat konfransında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxışı zamanı bildirib.
 

Azərbaycandakı alman irsinin turizm potensialı dəyərləndirilir
 

Aprel ayının 22-də Qafqaz almanlarının Azərbaycanda məskunlaşmasının 200 illik yubileyi və “Helenendorf şəhər bayramı”nın qeyd olunması münasibətilə Qafqaz almanlarının nəvə və nəticələrindən ibarət 30 nəfərlik qrup Göygöl şəhərini ziyarət edib.

Göygöl Rayon İcra Hakimiyyəti və Dövlət Turizm Agentliyinin dəstəyi ilə keçirilən tədbirdə çıxış edən Agentliyin sədri Fuad Nağıyev Azərbaycanda alman tarixi-irsinin bu günədək qorunub saxlanmasının tolerantlıq və multikulturalizm ənənələrinin inkişafından xəbər verdiyini vurğulayıb, bu irsin gələcəkdə xüsusi turizm məhsulu kimi istifadə olunma potensialı haqqında danışıb.
 

Daha ətraflı

Azərbaycanın turizm potensialı Yaxın Şərqdə təqdim olunub

 

Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəmiz Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində keçirilən “Ər-Riyad Səyahət Sərgisi 2019”da iştirak etmişdir.

10-dan çox yerli turizm şirkətinin iştirak etdiyi sərgidə ölkənin turizm potensialının tanıdılması üçün Yaxın Şərq regionu və Səudiyyə Ərəbistanından olan turizm şirkətləri ilə ikitərəfli görüşlər keçirilib. Azərbaycan Turizm Bürosu sərgi çərçivəsində müxtəlif tanıtım platformalarında xüsusi imkanlar yaradan “Qızıl sponsorluq”la təltif olunub.

Daha ətraflı

Yaxın Şərq bazarından ərəb turistlərin cəlb edilməsi üçün ardıcıl addımlar atılır

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə turizm şirkətləri və hotellərin nümayəndələrindən ibarət Azərbaycan nümayəndə heyəti Dubayda keçirilən “ATM 2019” (Arabian Travel Market 2019) beynəlxalq turizm sərgisində iştirak edir.

28 aprel tarixindən start götürən sərgi mayın 1-dək davam edəcək. Sərgidə Azərbaycan yeni brendə uyğun dizayn edilmiş 190 kv. metrlik stendlə təmsil olunur. Müxtəlif turizm şirkətləri, hotellərlə yanaşı Azərbaycan Hava Yolları və Heydər Əliyev Hava Limanı da sərginin 28 iştirakçısı sırasındadır. 29 mayda Bakıda keçiriləcək UEFA-nın Avropa Liqasının final oyununun təbliğatı məqsədilə sərgidə AFFA-nın nümayəndələri də iştirak edirlər.

Turizm imkanlarının təbliğatı məqsədilə 6 hədəf bazarda genişmiqyaslı tədbirlər görülür

Aprelin 5-də Bakı Konqress Mərkəzində Azərbaycanın 6 ölkədə fəaliyyət göstərən xarici turizm nümayəndəlikləri ilə görüş keçirilib.

Görüş zamanı yerli turizm sənayesinin iştirakçılarını nümayəndəlik ofislərinin fəaliyyəti və strategiyaları ilə tanış etmək, qarşılıqlı əməkdaşlıq imkanları haqqında məlumat vermək məqsədilə təqdimatlar baş tutub.

Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə keçirilən tədbirin ikinci hissəsi səyahət agentlikləri, tur operator və hotellərin nümayəndələrinin iştirakı ilə ikitərəfli görüşlər formatında müzakirələr çərçivəsində davam etdirilib.
 

Daha ətraflı

Yaxın Şərq regionunda təbliğat işləri davam etdirilir

 

Azərbaycanın Yaxın Şərq regionunda turizm potensialının tanıdılması və qarşılıqlı turizm əlaqələrinin genişləndirilməsi məqsədilə 9-12 apreldə Səudiyyə Ərəbistanından, 14-18 apreldə isə BƏƏ-dən mədəniyyət və istirahət turizmi üzrə ixtisaslaşmış şirkətlərin nümayəndələri ölkəmizə səfər etmişdir.

Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə baş tutmuş tanışlıq səfəri çərçivəsində Səudiyyə Ərəbistanından ümumilikdə 10, BƏƏ-dən 14 xarici şirkət iştirak edib. Səfərlər zamanı yerli turizm şirkətləri ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə tanışlıq görüşü təşkil olunmuş, Azərbaycanın turizm potensialı haqqında geniş təqdimatlar keçirilmişdir.

Qeyd edək ki, 2018-ci ilin sonundan etibarən Səudiyyə Ərəbistanın Ər-Riyad, BƏƏ-nin Dubay şəhərlərində ölkəmizin rəsmi turizm nümayəndəlikləri fəaliyyət göstərir.

Azərbaycanın turizm potensialı Mərkəzi Asiyada təbliğ edilir

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti Almatıda keçirilən Qazaxıstan Beynəlxalq “Turizm və Səyahət” sərgisində iştirak edib.

17-19 aprel tarixlərində keçirilmiş sərgidə ölkəmizdən 11 turizm şirkəti təmsil olunmuşdur.

Sərgi çərçivəsində təşkil olunmuş konfrans və dəyirmi masalarda Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun nümayəndələri iştirak etmiş, ölkəmizin turizm imkanları barəsində ziyarətçilərə, turizm sahəsinin peşəkarlarına və dövlət qurumlarına müvafiq məlumatlar verilmişdir.

63 kv.metr sahəni əhatə edən və yeni turizm brendinə uyğun dizayn edilmiş stendimizdə video çarxlar nümayiş etdirilir, turizm potensialınının təbliğinə dair çap materialları paylanılır. Ənənəvi olaraq, hər il təşkil olunan “KITF” sərgisi 2000-ci ildən etibarən keçirilərək Mərkəzi Asiyanın turizm sənayesinin əsas iştirakçılarını bir araya toplayaraq ünsiyyətin qurulması və B2B formatlı görüşlərin keçirilməsində xüsusi əhəmiyyətli platforma rolunu oynayır.

İşgüzar Tədbirlər Sənayesi Alyansı yaradılır

 

Azərbaycanda İşgüzar Tədbirlər Sənayesi Alyansı formalaşdırılır. Bu məqsədlə 10-11 apreldə Azərbaycan Konqreslər Bürosu ilə işgüzar tədbirlərin keçirilməsinə töhfə verə biləcək potensial tərəfdaşlar arasında görüşlər keçirilib.

İrimiqyaslı işgüzar tədbirlərin keçirmək imkanına malik olan məkanlar, hotellər, həmçinin peşəkar konfrans təşkilatçıları, aviaşirkətlər, tur operatorların nümayəndələri ilə təşkil olunan görüşlərdə bu cür tədbirlərin keçirilməsinin qarşılıqlı faydalı əməkdaşlıqlar üçün verə biləcəyi töhfələr barəsində müzakirələr aparılıb. 

Daha ətraflı

Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının ilk Baş Assambleyası təşkil edilib

Aprelin 15-də Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının ilk Baş Assambleyası təşkil edilib. Tədbirdə turizm və məkan bələdçiləri ilə yanaşı digər sənaye nümayəndələri də iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid yeni turizm inkişafı strategiyasında turizm bələdçilərinin rolu və peşəkarlıq səviyyəsinin artırılmasının vacibliyini vurğulayaraq sənayenin bütün üzvlərini əməkdaşlığa dəvət edib.

 

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi


Landmark I

Nizami küç., 96E,
Bakı, Azərbaycan

AZ1010

+994 12 492 87 13
info@tourismboard.az







This email was sent to <<Email Address>>
why did I get this?    unsubscribe from this list    update subscription preferences
Azerbaijan Tourism Board · Government House · Baku AZ 1001 · Azerbaijan

Email Marketing Powered by Mailchimp